logo

Bugünkü hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

17:57 01-02-2022 | icon 2856
Bugünkü hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 1-də keçirilən alıcı aktivliyi müşahidə olunan növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, özəlləşdirilən nəqliyyat vasitələrinə ümumilikdə 75 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2008-ci il olan “Nissan Urvan” markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 6500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 12 min 200 manata yüksəlib. Həmçinin ilkin start qiyməti 10 min 500 manat olan “Toyota Camry” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 15 min 850 manata özəlləşdirilib. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 164 min 900 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3Gk3BRN).

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar fevralın 15-i və 22-i keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.