logo

İki il əvvəl Masallıda törədilən qətlin  üstü açılıb-Baş Prokurorluq

17:18 29-01-2022 | icon 1869
İki il əvvəl Masallıda törədilən qətlin  üstü açılıb-Baş Prokurorluq

Prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməkdir. İki il əvvəl törədilən və bağlı qalmış cinayətin üstü Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2020-ci il sentyabrın 4-də saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndi ərazisində 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törətmiş şəxsin müəyyənləşdirilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 2020-ci il sentyabrın 4-də Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Şəhriyar Tapdıqov yanvarın 29-da şübhəli şəxs qismində tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və cinayətin alətini təqdim edib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri həyata keçirilir.

Bağlı qalmış işlərin açılması istiqamətində Baş Prokurorluq tərəfindən fəaliyyət davam etdirilir.