2021-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınan 29 327 cinayətin 12 761-i və ya 43,5 faizi Bakı şəhərində törədilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin cinayətlərin 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi ağır və xüsusilə ağır cinayətlər olub.
2020-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 21,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 7 faiz, oğurluqlar 13,6 faiz, o cümlədən mənzillərdən edilənlər 24,8 faiz, soyğunçuluqlar 38,3 faiz, hədə-qorxu ilə tələb etmələr 4,3 faiz, avtonəqliyyatı qaçırmalar 8,3 faiz azalıb.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80,6 faizi, şəxsiyyət əleyhinə olanların 97,3 faizi, onlardan qəsdən adam öldürmələrin 98,3 faizi, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,6 faizi açılıb.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalan 180, o cümlədən 38 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib, həmin hüquqazidd əməllərə görə 250 təqsirləndirilən şəxs tutulub.