Paytaxtın Nizami rayonunda gecə klubunda guya ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, insident ölkəmizə turist kimi gələn dörd nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib.
"Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci polis şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədiklərini bildiriblər. Həmin şəxslər izahatları alınandan sonra sərbəst buraxılıblar",-deyə DİN-dən bildirilib..