logo

Prokurorluq Günəşlidə 2 kişinin qətlə yetirilməsi səbəbini araşdırır

11:11 29-01-2022 | icon 1953
Prokurorluq Günəşlidə 2 kişinin qətlə yetirilməsi səbəbini araşdırır

Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində V yaşayış sahəsi bina 012E mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Suraxanı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun da meyiti aşkarlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Hüseynovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən olunub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.