logo

Müdafiə Nazirliyi jurnalistlər üçün treninq keçirib

12:12 27-01-2022 | icon 1736
Müdafiə Nazirliyi jurnalistlər üçün treninq keçirib

Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı təlimlər başa çatıb.

Təlimin sonuncu günündə iştirakçılar Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Nəşriyyatında, “Azərbaycan Ordusu” qəzeti redaksiyasında, eləcə də Azərbaycan ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində olublar.

Media nümayəndələrinə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən danışılıb.

Döyüş əməliyyatlarının gedişatında Azərbaycan ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında Müdafiə Nazirliyinin mətbu orqanlarının rolu barədə ətraflı məlumat verilib.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə media nümayəndələrinin fəaliyyətinin təşkili və nəzərə alınmalı digər vacib məqamlar izah olunub.

Təlim çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib.

Jurnalistlər Azərbaycan hərb tarixini əks etdirən müxtəlif eksponatlarla, Vətən müharibəsində şəhid olmuş hərbçilərin şəxsi əşyaları, geyimləri və düşməndən qənimət kimi götürülmüş silahlarla tanış olublar.

İştirakçılara "Müharibə tarixinin formalaşmasında KİV-in rolu" mövzusunda brifinq və "Qələbə yolunda jurnalistlər" adlı qısametrajlı film təqdim edilib.

Sonda media nümayəndələrinə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.