Yanvarın 28-dən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.
YeniAvropa xəbər verir ki, bu, "Azərkosmos", Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək.
Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək.
Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur.
Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq. Kanalları HD formata keçirmək üçün video təlimatla (https://youtu.be/0ByTySL38oM) tanış ola bilərsiz.