Ölkə ərazisində növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək.
YeniAvropa xəbər verir ki,bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisinin sözlərinə görə, həmin dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə arasında dəyişəcək. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-si güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 metr/saniyə olacaq. Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.