logo

“Bakı-Naxçıvan-Bakı” avtobus reyslərinin sayı artılrılacaq

20:50 25-01-2022 | icon 2422
“Bakı-Naxçıvan-Bakı” avtobus reyslərinin sayı artılrılacaq

İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Görüşdə “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub.

Eyni zamanda, Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib.

Görüşdə Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə İşçi Qrupunun ötən ilin dekabrın 7-də keçirilmiş birinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfindən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıblar.

Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə Astara şəhərinə yola düşüblər.