Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin aldığı xəsarətlər nəticəsində yanvarın 24-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Sabunçu rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Əbülfəz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirdiyi, nəticədə onun aldığı xəsarətlərdən xəstəxanada öldüyü müəyyən olunub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əbülfəz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.