logo

Ötən il SOCAR 7,9 milyon ton neft, 7,9 milyard m3 qaz hasil edib

16:58 21-01-2022 | icon 2793
Ötən il SOCAR 7,9 milyon ton neft, 7,9 milyard m3 qaz hasil edib

Ötən il SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub.

YeniAvropa xəbər verir ki, bu, SOCAR-ın əsas istehsalat göstəricilərində də əksini tapıb.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çoxdur. Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən “OPEC+” razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.

SOCAR tərəfindən 2021-ci il ərzində xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 1 faiz artaraq 18,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir. Təbii qazın ixracatı isə 40 faiz artaraq 18,8 milyard kubmetrə çatıb.

Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur. 2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 faizdən 96,3 faizə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir. Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.

İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib. Neft emalında 13,3 faizdən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5 faiz çoxdur.