logo

Energetika Nazirliyi “ACWA Power” ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq edəcək

14:11 13-01-2022 | icon 2933
Energetika Nazirliyi “ACWA Power” ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq edəcək

240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanovun və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turtonun imzaladığı memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpaolunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Nazir müavini Elnur Soltanov bildirib ki, “ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. “Bu sənədin imzalanması “ACWA Power” şirkəti ilə bərpaolunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə və Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcək”, - deyə nazir müavini qeyd edib.

“ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan memorandumun əhəmiyyətindən danışaraq deyib: “Anlaşma memorandumunun imzalanması Azərbaycanın Energetika Nazirliyi tərəfindən bizə etimadın nümayişidir və biz bu əhəmiyyətli nailiyyətlə strateji tərəfdaşlığımızı möhkəmləndirməkdən qürur duyuruq. Davamlı əməkdaşlığımız bizə bu gözəl ölkədə enerji keçidinə töhfə verməyə və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş milli enerji kompleksində “yaşıl enerji”nin payının artırılması məqsədinə nail olmaqda fəal rol oynamağa imkan verəcək”.

Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.

Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14900 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42800 meqavat qoyuluş gücünə bərabər istehsal və 67,2 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.