logo

“Azercell Hackathon 2022” müsabiqəsinə qeydiyyat başlayıb

14:13 12-01-2022 | icon 3185
“Azercell Hackathon 2022” müsabiqəsinə qeydiyyat başlayıb

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”nin qeydiyyatına start verilib. Bu sahədə bacarığını nümayiş etdirmək istəyən, kreativ həllərin yaradılmasına, komanda işinə, dinamik və davamlı öyrənməyə üstünlük verən iştirakçılar müsabiqəyə dəvət olunurlar.

YeniAvropa xəbər verir ki,müsabiqə yanvarın 22-23-də keçiriləcək. “Hackathon”da komanda şəklində iştirak zəruridir. Komandaların tərkibi, yarışmaçılara dair texniki tələblərlə tanış olmaq və qeydiyyatdan keçmək üçün səhifəyə müraciət edə bilərsiniz: https://bit.ly/3tihQ6G .

Seçim mərhələsinə qeydiyyat üçün müraciətlərin son qəbul tarixi yanvarın 18-dir. Yarışmanın ilkin mərhələsinə tələblərə cavab verən komandalar keçəcək. Növbəti mərhələdə isə komandalar 36 saat davam edən yarışa qatılacaqlar. Tədbir boyu iştirakçılara “Azercell”in peşəkar, çevik və yenilikçi ruhlu IT və İşə Qəbul komandaları dəstək olacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunacaq. Tapşırıqlar komandalara yarışmadan öncə elan olunacaq.

“Azercell Hackathon 2022” yarışmasında ən yüksək nəticə göstərən komandanı 3 min AZN, 2-ci yerin qalibini 1500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə dəyərli hədiyyələr gözləyir.

“Hackathon” proqramçıların komanda şəklində birləşərək 24-72 saat davam edən müddətdə onlara verilmiş texniki tapşırığa uyğun müəyyən texnoloji həllin təqdim etdikləri tədbirlər silsiləsidir.

“Hackathon” dünyanın nəhəng IT şirkətləri - “Google”, “Netflix”, “Facebook”, “HPE” və “Microsoft” kimi korporasiyalar tərəfindən tez-tez təşkil olunur.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq “Azercell Telekom” MMC uzun müddətdir ki, daima informasiya texnologiyaları sahəsinə dair təşəbbüsləri, gənc startapların inkişafına imkan yaradan layihələri dəstəkləyir. Şirkət istedadlı proqramçıların beynəlxalq arenaya çıxmasına, öz bizneslərini qurmasına, müştərilər qazanmasına yardım etməklə yanaşı, həm də ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağın artırılması işinə töhfəsini əsirgəmir. İndiyədək “Azercell”in təşəbbüsü və dəstəyi ilə informasiya kommunikasiya texnologiyalarının inkişafına yönələn çoxsaylı tədbirlər təşkil olunub. Bir neçə ildir ki, dövlət səviyyəsində keçirilən “Hackathon” müsabiqəsinin tərəfdaşı kimi çıxış edən “Azercell” gənc mütəxəssislərin öz ideyalarını inkişaf etdirməsinə kömək edən “Hackathon-AzIn”, “AZCLOUD Hackathon”, “womENcourage” kimi önəmli tədbirlərə də sponsorluq edib, “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” kimi beynəlxalq tədbirin rəqəmsal tərəfdaşı olub.