Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər ötən il “Azərsu” ASC-yə işə qəbul olunub.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu”dan bildirilib.
Qeyd edilib ki, işə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.
Hazırda “Azərsu”da müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.
Qeyd edək ki, ASC-nin 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Qurumun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb.
Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması da “Azərsu” ASC tərəfindən daim diqqətdə saxlanılır. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailə içməli su ilə təmin olunub.