logo

Bakıda "Enerji Həftəsi" keçiriləcək

18:50 10-01-2022 | icon 2723
Bakıda "Enerji Həftəsi" keçiriləcək

Cari ilin iyun ayının 1-dən 3-dək “Bakı Enerji Həftəsi” keçiriləcək.

“Iteca Caspian”dan YeniAvropa-ya verilən məlumata görə, Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.

Qeyd olunub ki, bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu iqtisadi siyasətin nəticəsidir.

2020-ci il ölkəmiz üçün tarixi il olub, uzun illər işğal altında olan torpaqları güclü lider, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq dünyada öz peşəkarlığı və şücaəti ilə tanınan ordumuzun azad etməsi qürurverici haldır. Gələcəkdə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunacaq, bununla da, bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 25 ildən artıqdır ki, regionun iri neft və qaz layihələrini müzakirə etmək üçün nüfuzlu beynəlxalq platforma hesab edilir. Paralel olaraq, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi beynəlxalq və yerli şirkətlərin enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə ən son təkliflərini təqdim edəcək.

İyunun 2–3-də keçiriləcək Bakı Enerji Forumunun proqramına “İnkişaf yollarının kəsişməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “COVID-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində süni intellekt (AI)” və digər mövzular daxildir.

Pandemiyanın yaratdığı iki illik fasilədən sonra sərgilərin və forumun əhəmiyyəti həm offlayn görüşlər, həm də regionun sənaye liderləri ilə canlı dialoq baxımından daha da artır.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.