logo

Zəngəzur dəhlizi sənədləri üzərində “şlifovka” işi gedir-Andrey Rudenko 

15:15 03-01-2022 | icon 2996
Zəngəzur dəhlizi sənədləri üzərində “şlifovka” işi gedir-Andrey Rudenko 

“İlk növbədə mən bunu qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir".

 YeniAvropa xəbər verir ki, bunu  Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "TASS" agentliyinə müsahibəsində  Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlər çərçivəsində birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanması haqda danışarkən deyib.

Onun sözlərinə görə, burada mahiyyətcə, söhbət hər iki ölkənin dinc yanaşı yaşamadan konkret praktiki fayda əldə etmək imkanlarından gedir. Rusiya bu prosesin bilavasitə iştirakçısıdır.

A.Rudenko xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup yaradılıb.

“Bu mexanizm çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid “paket” üzərində “şlifovka” işləri gedir. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək”, -deyə A.Rudenko vurğulayıb.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə baş tutmuş üçtərəfli görüşündə Zəngəzur dəhlizinin dəmir yol hissəsinin açılmasına dair praktiki razılaşma əldə edilib. Ermənistan artıq bu dəmir yolunun öz ərazisindən keçən hissəsinin bərpası üçün hazırlıq işlərinə başlayıb, Azərbaycanda isə Horadiz-Ağbənd dəmir yolunun bərpası işləri hələ hərbi əməliyyatların başa çatmasından qısa zaman sonra başlamışdı. Və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Naxçıvana Azərbaycandan avtomobil yolunun açılması məsələsində isə hələlik qeyri-müəyyənlik qalır. Ən başlıcası, bu yolun marşrutu məlum deyil. Ermənistan tərəfi bir neçə ay əvvəl bildirmişdi ki, Naxçıvana quru yolunun Laçın-Gorus marşrutunu təklif edir. Hansı ki, bu yolla Naxçıvanın Şahbuz rayonunun Biçənək qəsəbəsimə çıxmaq mümkündür. Bu marşrut İran sərhədi boyu uzanan və dəmir yoluna paralel marşrutdan xeyli uzaqdır, ona görə də iqtisadi baxımdan əhəmiyyətli azalır. Lakin məlum olanı budur ki, Zəngəzur dəhlizinin bir hissəsi kimi Naxçıvana, oradan isə Türkiyəyə birləşəcək quru yolunun açılması məsələsinə də erməni tərəfinin bu və ya digər formada razılıq verməsi qaçılmaz olacaq.

İndi isə Rusiya xarici işlər nazirinin müavini “vahid paket” barədə danışır və bu paketə çox güman ki, Naxçıvana dəmir yolunun açılması ilə eyni vaxtda Azərbaycan üzərindən Ermənistana dəmir yol əlaqəsinin də bərpası daxildir. Bu dəmir yolu isə həm də Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsini təmin edəcək.

 “Vahid paketdə” görünür həm də bu dəmir yollarında hərəkət rejimi, yüklərin daşınmasına tətbiq ediləcək tariflər, yaxud ümumiyyətlə tarifsiz rejim kimi məsələlər öz əksini tapmalıdır.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizində də Laçın dəhlizində olduğu sərbəst gediş-gəliş rejiminin mövcud olması şərtini irəli sürüb. Bu isə o deməkdir ki, Azərbaycandan Naxçıvana gedən yüklərdən gömrük rüsumları tutulmamalıdır. Erməni tərəfi isə daha əvvəl bildirirdi ki, əgər belə olarsa o zaman Azərbaycandan Ermənistana daşınan yüklərdən də rüsum tutulmamalıdır. İndi bütün bu məsələlər Rudenkonun bəhs etdiyi “paketdə” öz əksini tapacaq və gözləmək olar ki, yaxın aylarda artıq nəqliyyat kommunikasiyalarının açılmasına dair ilk razılaşma imzalanacaq.