Prezident İlham Əliyevin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq. Altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infrastrukturunun formalaşmasında əhəmiyyətli rol oynayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirlib.
Qeyd edilib ki, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsinin altsistemə çıxışı təmin olunacaq.
Həmin qurumlar tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar bu altsistemə daxil ediləcək.
Nazirlik altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görəcək.
“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılması ilə əlaqədar qanunvericilik aktlarında da müvafiq dəyişikliklər ediləcək.