logo

Rusiya şirkəti  “Şəki Şərab” MMC-ni özəlləşdirdi

15:51 28-12-2021 | icon 3073
Rusiya şirkəti  “Şəki Şərab” MMC-ni özəlləşdirdi

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının satışı üzrə elan edilən investisiya müsabiqəsinin qalibi Rusiyanın “Abrau-Durso” PSC yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC elan olunub.

Xidmətdən YeniAvropa bildirilib ki, dekabrın 27-də Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1 milyon 920 min manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4 milyon 500 min manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb.

“AzAbrau” MMC, həmçinin müəssisənin ümumi məbləği 535 min manat olan əməkhaqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcək.

“AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.

Qeyd edək ki, “Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir.

“Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının, ilk növbədə, Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.

Müəssisənin şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”,- deyə “Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov qeyd edib.

İnvestisiya müsabiqəsinin qalibi böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupdur və dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distribütorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları var.