Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən iri sağlamlıq mərkəzlərindən biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriya tipli oteli açılıb.
YeniAvropa xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sanatoriya şəhərin mərkəzində, yarımqəzalı vəziyyətdə olan binanın yerində üç il ərzində tikilib başa çatdırılıb. 500 çarpayılıq sanatoriyanın tikintisi 2 milyard rubla yaxın investisiya yatırılıb.
Stavrapol qubernatorunun mətbuat xidmətinin informasiyasında deyilir ki, sanatoriya xarici investisiya hesabına tikilib, investor isə Azərbaycan şirkətidir. Açılış mərasimində layihənin investoru azərbaycanlı biznesmen-oliqarx Əsabil Qasımov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Sanatoriyanın müasir tibbi və SPA-avadanlıqları ilə təchiz olunduğu bildirilir. Burada geniş spektrda xroniki xəstəliklər, o cümlədən dayaq-hərəkət sistemi xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s. müalicə olunacaq.
Xatırladaq ki, "Karat Holdinq"in rəhbəri, İmişli rayonunun sabiq deputatı Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1,5 milyard rubl investisiya hesabına 400 çarpalılıq “İstoçnik” sanatoriyasını açıb.