logo

Sabunçu rayonunda narkotika satan 33 nəfər saxlanılıb

16:30 24-12-2021 | icon 2310
Sabunçu rayonunda narkotika satan 33 nəfər saxlanılıb

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində marixuananı bir müddət əvvəl xüsusi qulluq edərək əkdiyini və qurutduğunu bildirib. O, ifadəsində narkotiklərdən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da deyib.

Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar rayon polis idarəsinə göndərilib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının bu ilin dekabrında həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.