logo

Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

14:14 24-12-2021 | icon 3241
Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

Milli Məclisin dekabrın 24-də keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

YeniAvropa xəbər verir ki, qanun layihəsində idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilməsi, idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Sənədə əsasən, idman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir. Həmçinin idman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.