Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
YeniAvropa xəbər verir ki, R.Quliyev məhkəmədə son söz deyib.
Elan olunmuş ittihamla razılaşmayan sabiq Aparat rəhbəri barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
O, “bu işdə zərərçəkən mən və ailəm olub” deyib.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Rasim Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.