logo

Vəkili məhkəmədən general Rövşən Əkbərova bəraət verilməsini istədi

18:33 22-12-2021 | icon 1631
Vəkili məhkəmədən general Rövşən Əkbərova bəraət verilməsini istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən general-leytenant Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, əvvəlcədən proses açıq elan edilsə də, sonradan mətbuat nümayəndələri iclasa buraxılmayıblar.

Prosesdə Rövşən Əkbərovun vəkili müdafiə çıxışı edib. Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 27 -də davam edəcək.

 

Xatırladaq ki, 20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan mərhum edilib.

Həmçinin, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovdan 40 min manat məbləğində pul tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Məhkəmə R.Əkbərovun hərbi rütbəsi, fəxri adlarının alınmasının zəruri hesab etməyib.

İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.