Bu gündən Böyük çillə başlayır
Xalq təqviminə əsasən,bu gündən Azərbaycanda Böyük çillə başlayır.
YeniAvropa xəbər verir ki, qış fəslinin ən sərt dövrü hesab edilən Böyük çillə 40 gün davam edir.
Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Rəvayətlərə görə, “Qış” adlı bir kişinin “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini – Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Aralıq ayının – yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. İnsanlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. O zaman bilirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə Böyük çillə özünün qar atını belədən-elə, elədən-belə çapacaq.
AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çillə mərasimləri, həyata keçirilən rituallar barədə danışıb.
Ramazan Qafarlı bildirib ki, Azərbaycan xalqı çox əski çağlardan təbiətə tapınmış, ilin müxtəlif çağlarında baş verən dəyişikliklər zamanı müxtəlif ayinlər, mərasimlər təşkil etmişdir. Payızın bitməsi məhsul yığımının başa çatması, qışın gəlişi ilə soyuqların düşməsi, yaşayışın çətinləşməsi, ərzaq toplamaqda çətinliklərin yaranması, istilik problemi ilə qarşılaşması ulu əcdadın təsəvvüründə Xeyir – Şər qarşılaşması şəklində təsəvvürə gətirilmişdir. Bayatılarda vurğulandığı kimi, il “üç ay toylu-bayramlı, doqquz ay yaslı” idi. Novruz ensiklopediyasında qeyd olunur ki, qış obrazı əcdadlarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxmışdır. Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “Çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Xalq arasında “çillə çəkmək”, “çillə tökmək”, “çillə-dağ eləmək”, “çillə kəsmək” deyimləri də vardır ki, həmin ifadələr, əslində, əzab-əziyyət çəkmək, dərd-bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü kəsmək, yox etmək anlamları daşıyır. Qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən qədim azərbaycanlılar onu iki yerə bölərək “Böyük çillə” və “Kiçik çillə” adlandırmışlar. 40 gün davam edən Böyük çillənin ilk günü Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədən başlayır. Sonra 20 günlük Kiçik çillə (29 yanvar-18 fevral) gəlir.
Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə (qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s.) “çillə çıxartma”, “çillə kəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.
Folklorşünas qeyd edib ki, mənbələrdə “çillə” ilin qış fəslinin bölgülərinə verilən addır, əski təsəvvürlərlə bağlıdır. “Çillə”, əslində, “cehl” sözündən olub qırx rəqəmini bildirir. El-oba arasında qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə “çillə” deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Təsadüfi deyil ki, adamlar bir müsibətli bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər, bu da “çillə kəsmə” adlanır.
Qış fəslinin hər bir çilləsində adamlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün görüşləri səviyyəsində, müxtəlif tədbirlərə əl atmış, ayinlər icra etmişlər. Bu barədə danışan Ramazan Qafarlı bildirib ki, “Çilləbeçə” qış fəslinin və ilin son 30 günü olan Boz ayın (21/22 fevral – 21/22 mart) el-oba arasında deyilən adlarından biridir. “Çilləbeçəyə” hər biri yeddi gündən ibarət “cəmlələr” adlanan 4 həftə – çərşənbə daxildir. Xalq, el-oba bu çərşənbələrin hər birinə xüsusiyyətlərinə görə adlar vermişdir. Əski inama görə, bu çərşənbələrin dördündə təbiətdə və cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir.
“Çilləbeçə”, yaxud “çillə kəsmə” xəstəlikləri, qara-qorxunu və təbiətin sərt üzünü aradan aparmaq üçün icra edilən ayindir. Maraqlı cəhət odur ki, “Çillə kəsmə” ayini əski görüşlərlə bağlıdır. Adətən, çilləsi kəsilən adamın əl və ayaqlarının baş barmaqları ağ iplə üç dəfə bağlanılır, çilləni kəsən adam ayin icra edə-edə,
Həzrət Süleyman eşqinə,
Cin qızı Mərcan hökmünə,
Bəni-adəmdən, bəni-heyvandan.
Cindən, şeytandan, axar sudan.
Köklü ağacdan, dibli qayadan,
Yeddi yolun ayrıcından
Hər kəsin çilləsinə düşübsə,
Çilləni kəsdim.
– ovsun nəğməsini avazla deyir və ipləri qayçı ilə kəsir. Bu hal üç dəfə təkrar olunur. Sonra iplər çilləsi kəsilənin başı üstə tutulub xüsusi “qırxacar cam” vasitəsilə onların üzərindən su axıdılır. Bununla da dərd-bəlanın yuyulub aparılmasına inanılır.
“Çillə kəsmə” ayininin xalq arasında “çilətökmə”, “çiləçıxartma”, “qırxtökmə” kimi çeşidli adlarına da rast gəlinir. Y.V.Çəmənzəminlinin fikrinə görə, “Çillə” xalq arasında ağırlıq mənasında başa düşülür. O, eyni zamanda, “çillə kəsmək” adətini “Avesta”dakı insanlara zərər toxunduran qırxfənalıq pəriləri ilə də əlaqələndirmişdir. İ.S.Braginski də “Çillə”dən bəhs edərək yazırdı ki, bu fənalıq pəriləri yeni doğulmuş uşağa qırx gün ərzində xətər toxundurmağa çalışırlar. Ona görə də bu müddət ərzində uşağın yanında daim adam olmalı, tək qalmamalıdır. Burada sual doğuran cəhət odur ki, ayində zərdüştilər tərəfindən də müqəddəsləşdirilmiş ağ rəng, axar su, köklü ağac, dibli qaya, yeddi yol ayrıcı, cin və şeytan kimi fəna qüvvələrlə bir sıraya qoyulmuşdur. Bundan başqa, ən müqəddəs sayılan su Əhrimən məhsulu olan dərd-bəlanı təmizləmək vasitəsinə çevrilmişdir. Əslində, bu ona görə belə olmuşdur ki, haqqında danışılan “Çillə kəsmə” bir sıra başqa məsələlər kimi, sonrakı çağlarda müəyyən təsirlərə düşərək pozulmuş, ilk yaranışını qoruyub saxlaya bilməmişdir.
“Çillə qarpızı” çox qədim zamanlarda qışın başlanması münasibətilə el-obanın ilin ən uzun gecəsində (buna “Şəbi-yelda” və ya çillə gecəsi deyilir) keçirdikləri mərasimdir. Çillə gecəsi Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, Şəmsi ilinin, Dey ayının başlanğıc gecəsi, Azər ayının sonuncu gecəsi və Novruz bayramına 3 ay qaldığını bildirən ən uzun gecədir.
Çillə gecəsinə çox vaxt “Çillə bayramı” da deyilir. Bayramda tonqallar yandırılır, ailə üzvləri onların ətrafına toplaşıb şadlıq edir, üstündən tullanırlar. Hər yerdə atəşfəşanlıq başlanır, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edirlər, çalıb-oxuyur, oynayırlar.
Çillənin girdiyi gün, şərəfinə açılmış süfrəyə müxtəlif adda yeməklər düzülür. Hamı süfrə başına yığışır. Böyük çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün ortalığa yaydan saxlanılan qarpız gətirilir. Yaşıllıq, bolluq rəmzi olan qarpız çillə gecəsinin ən dəyərli payı hesab olunur. Çillə qarpızı evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanıb, ləzzətlə yeyilir.
Belə bir inam mövcuddur ki, çillə qarpızı yeyən adam çətin xəstələnir, o, xəstəlikləri sovuşdurur. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızından nişanlı qızlara da pay aparılır. Bu, el söyləmələrində də öz əksini tapıb:
Bu qarpız, çillə qarpız,
Düşübdü dilə qarpız.
Yığılıb xurcunlara,
Gedir yargilə qarpız.
Əlimi bıçaq kəsdi oy,
Dəstə bıçaq kəsdi oy,
Yarın çillə qarpızın,
Yastı bıçaq kəsdi oy.
“Çillə suyu” Böyük çillədə əkin sahələrinə verilən suyun adıdır. Qış fəslinin Böyük çillə adlanan qırx günündə əkinçilər bağ-bağatı, bostan-tərəvəz yerlərini, üzümlükləri suvarırlar. El arasında “çillə suyu” adlanan bu suvarma torpağın nəmliyinin saxlanmasına kömək edir, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin bu çağında bağlara verilən su gecələr donur və bu donma ağaclara da təsir edir. Ağaclar qış yuxusundan gec oyanır. Bu da onların barının, bəhərinin çox olmasına təsir göstərir. Həsən bəy Zərdabi çillə suyunun elmi əhəmiyyəti barədə yazırdı ki, bizim tarlalarımıza qış zamanı verilən su donur və sürülmüş şum yerlərini daim yumşaldır, əkin yerlərini hamarlayır. O, çillə suyu ilə bağlı sınaqdan çıxmış belə bir zərb-məsəlini misal gətirir: “Böyük çillədə suvaran çox, Kiçik çillədə suvaran isə az məhsul götürər”.
Qışın çillələri başa çatanda, ilin axır çərşənbəsinin – yazın gəlişinə qədər olan vaxtda yeni evlənənlərin otağını bəzəmək və gərdəklik üçün toxunulan xalçanın adına “Çillə şəddəsi” deyilir. “Çillə şəddəsi”ni xovsuz toxuyurlar. Qohum-qonşular yığışıb, əriş tutarkən oxuyurlar:
Hörək səni, qırmızı çillə,
Ağırlığı-uğurluğu,
Apar dərdi-mərəzi, çillə.
Biz səni düyəy-düycəyək.
Etginən bizi irazı, çillə.
Ramazan Qafarlı qeyd edib ki, xalq arasında bu məqam da “çillə kəsmə” adlanır. Cavan qız-gəlinlər Novruz bayramı ərəfəsində bu şəddəni ortalığa sərib, üzərində əylənirlər. Bəxt falı açır, arzularını diləyir, mahnılar, bayatılar oxuyurlar. Sonra bu xalçanı 7 gün açıq səma altında saxlayırlar ki, “qoy ayı-ulduzu görsün, diləyimiz yerinə yetsin”. Xəta-bəladan, fasiləsiz yas və yuğdan çıxmaq üçün də toxunulan şəddəyə, üzərində tərəzi təsvirləri olduğu üçün, bəzən “Taraz çillə”, yaxud “Taraz şəddə” deyirlər. Çox vaxt cavan qız-gəlinlər “Çillə şəddəsi”ni otluq, çəmənlik yerə sərirlər ki, ilahi qüvvələr onlara arzu etdikləri sevgililərini, nişanlılarını göndərsin.
Professor vurğulayıb ki, Çillə gecəsi bayramının ideyası işığın qaranlıq üzərində simvolik qələbəsinə əsaslanır. Atəşpərəstlərin inanclarına görə, həmin gecə Xeyir (Axura Mazda) Şər (Əhrimən) ilə kəskin mübarizə aparmışdır. Çillə gecəsi Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbistər, Marağa, Naxçıvan, Şəki, Gəncə və digər şəhərlərdə daha təmtəraqla qeyd edilir.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib