“İstismara veriləndən indiyədək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından 545 milyon tona yaxın neft çıxarılıb”.
YeniAvropa xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"İstismara veriləndən indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından SOCAR-a 49 milyard kubmetrdən çox səmt qazı təhvil verilib",-deyən nazir qeyd edib ki, ümumilikdə AÇG layihəsi üzrə neftin satışından 155 milyard ABŞ dolları həcmində gəlir əldə edilib.
Qeyd edək ki, "AÇG" Azərbaycanın Xəzər dənizində ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində("Əsrin müqaviləsi") imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"AÇG" yatağı 2001-ci ildə fəaliyyətə başlayıb.
Yataqda BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.