Lənkəran rayonunda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən Aqşin Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
YeniAvropa xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin edilib.
Qeyd edək ki, bu il avqustun 27-i saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü A.Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.