Dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xətai rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1970-ci il təvəllüdlü Ceyhun Rzayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ceyhun Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.