Dekabrın 21-22-də Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal terminalına səfəri nəzərdə tutulur.
Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun rəsmi açılış mərasimi olacaq. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında əməkdaşlığa dair sənədlərin imzalanması da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.