logo

Elmar Məmmədyarovun oğluna qarşı ABŞ-da məhkəmə iddiası qaldırıldı

14:54 18-12-2021 | icon 1883
Elmar Məmmədyarovun oğluna qarşı ABŞ-da məhkəmə iddiası qaldırıldı

Nyu-York əyalət məhkəməsi(New York County Courts) Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb.

YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, məhkəmədə idiiaçı qismində Nyu-York Mellon Bankı çıxış edir.

Cavanşir Həsənli qeyd edib ki, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyon dollarlıq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib.

Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır. 

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğlu Emin Məmmədyarova qarşı vergi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib. E.Məmmədyarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bankın iddiası əsasında Nyu-York Əyalət Məhkəməsi artıq işə bir il əvvəl baxıb və bu söhbət bağlanıb: “2020-ci ilin oktyabr ayında bank bu iddianı qaldırmışdı. Elə ötən il məhkəmə oldu və vergi borcunu ödədikdən sonra söhbət bağlandı. İndi kiməsə lazımdır ki, bu söhbəti yenidən tirajlayır. Yəqin, kiməsə lazımdır ki, Elmar Məmmədyarov yaddan çıxmasın, ölkədə hörmətdən düşsün. Qəsdən yazdırırlar. Bu da yaxşıdır. Elmar Məmmədyarovun nüfuzu o qədər yüksəkdir ki, o adamlar sakit durmurlar. Ona görə də yazdırırlar”. 

E.Məmmədyarov övladına Nyu-Yorkda Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzilin qiymətinin 4,5 milyon dollar olmadığını da bildirib:“Bu məbləğ kifayət qədər şişirdilib. Mənim övladlarım ABŞ-da yaşayır, orada böyük şirkətlərdə çalışır və kifayət qədər böyük maaş alırlar”.