Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı, keçirdiyi aclıq aksiyasını dayandıran Saleh Rüstəmlinin son durumu açıqlanıb.
YeniAvropa xəbər verir ki, Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, S.Rüstəmli bu gün qida qəbul edib.
"Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsində aclıq aksiyası keçirən dostumuz Saleh Rüstəmli ilə növbəti dəfə görüşdüm. Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşumuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi. O, heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVID-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik.
Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı. Ona duru yemək gətirildi və mənim nəzarətimlə qidanı qəbul etdi. Sonrakı qidalanma rejimi ona izah edildi.
Bir həftədən çoxdur ki, Saleh bəyə parenteral dəstək müalicəsi aparılır. Onun səhhətinin sonrakı bərpası da nəzarət altında davam etdiriləcək. Bu prosesə səmimi dəstəyi olan bütün insanlara təşəkkür edirəm", - o vurğulayıb.