logo

Azərbaycanda 11 ayda 6,5 tondan çox  narkotika dövriyyədən çıxarılıb

15:35 15-12-2021 | icon 2331
Azərbaycanda 11 ayda 6,5 tondan çox  narkotika dövriyyədən çıxarılıb

Bu ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8095 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan 

YeniAvropa-ya bildirilib ki, bu cinayət faktlarından 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 582 kiloqram 702 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 192 kiloqram 532 qramını heroin, 1 ton 217 kiloqram 743 qramını marixuana, 1 ton 317 kiloqram 607 qramını tiryək, 73 kiloqram 693 qramını həşiş, 90 qramını kokain, 580 kiloqram 279 qramını psixotrop maddələr, 200 kiloqram 758 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin bu dövrdə 22 min 311 ədəd metadon və 46 min 966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

Müvafiq dövrdə 810,469 hektar sahədən çəkisi 174 ton 970 kiloqram olan 433 min 716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5725 nəfər cəlb olunub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 62-si xarici ölkə vətəndaşıdır. Onların 24-ü İran, 12-si Gürcüstan, 14-ü Rusiya, 7-si Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 856 kiloqram 100,187 qram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən 320 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 401 kiloqram 205326 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Bu ilin yanvar-noyabr aylarında qanunsuz dövriyyədən götürülmüş 6 ton 582 kiloqram 702 qram narkotik vasitələr və psixotrop maddələr 190 milyon manat (111 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.

Cari il mayın 19-20-də mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21 min 190 çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Bu ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62 min 587 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3230 nəfərindən 2362-nün istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Cari ilin yanvar–noyabr aylarında 802 – “qaynar xətt” zəng xidmətinə vətəndaş müraciətlərinin sayı artıb və hesabat dövründə 935 müraciət daxil olub. Onların 186-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 274-ü narkotik asılılıqdan müalicə, 475-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 460 məktub ünvanlanıb.

Narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə 802 – “qaynar xətt” zəng xidməti vasitəsilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.