Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 3,8% azalaraq 0,1181 manata (1 manat/8,4674 lirə) enib. Bu da yeni tarixi minimum sayılır. Hazırda 1 dollar -14,59, 1 avro -16,44, 1 pound -19,32 lirədir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu özünün "Facebook" hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, lirənin yenidən dəyər itirməsi ən azı iki səbəbdən qaynaqlanır:"Birinci səbəb ABŞ-ın FED və digər 27 ölkənin mərkəzi banklarının uçot dərəcəsini qaldırmağa və ya sabit saxlamağa hazırlaşdığı bir dövrdə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin yenə də aşağı salmaq niyyətindən irəli gəlir. İkincisi isə, ilin sonu olduğuna görə, xarici borc öhdəliklərinin artmasından. Hər iki faktor dollara tələbatı artırır. Türkiyədə vətəndaşlar hər gün və sürətlə kasıblaşırlar”.