logo

Prokuror sabiq XİN əməkdaşlarına 7 il həbs istədi

11:15 15-12-2021 | icon 1687
Prokuror sabiq XİN əməkdaşlarına 7 il həbs istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Mollazadənin və Əlizadənin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini, barələrində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, məhkəmə zalında həbs olunmalarını istəyib.

İttihama görə, Mollazadə, Əlizadə və digərləri ilə əlbir olaraq, müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.