logo

AQTA bir sıra ölkələrdən Azərbaycana quş əti idxalını dayandırdı 

11:07 15-12-2021 | icon 2240
AQTA bir sıra ölkələrdən Azərbaycana quş əti idxalını dayandırdı 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiyanın Stavropol diyarında, Nigeriyanın Oyo, Taraba, Anambra, Enuqu, Rivers, Oqun, Abia, Federal paytaxt ərazisi və Akva İbom ştatlarında, İtaliyanın Friuli-Venesiya-Culiya, Pakistanın Şimal-Qərb Frontier regionlarında və Belçikanın Flandriya əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla həmin inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyadan, Nigeriyadan, İtaliyadan, Belçikadan və Pakistandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.