logo

“Ltv 7” xəbər kanalı əməkdaşlarının məhkəməsi başlayır

12:57 14-12-2021 | icon 1848
“Ltv 7” xəbər kanalı əməkdaşlarının məhkəməsi başlayır

“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyevin və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaqa yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaq zamanı Fazil Quliyevin və Vüsal Zeynalovun özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla həmin çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb etdikləri müəyyənləşdirilib.

Eyni zamanda, Fazil Quliyevin bölgə müxbiri vəzifəsində işlədiyi “Ltv 7 xəbər” internet kanalının direktoru Ceyhun Şəmilov, həmin kanalın direktoru müavini vəzifəsində işləmiş Gülmirə Rəcəbova, müxbir vəzifələrində işləmiş Gülnarə Məmmədova, Sevil Mərəndski, operator vəzifəsində işləmiş Elnur Cəfərov, sürücü Sadiq Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini jurnalist kimi təqdim edərək ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumatlar toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gələrək pul tələb edib almaları müəyyən olunub.

Sevil Mərəndski, Gülnarə Məmmədova, Ceyhun Şəmilov, Vüsal Zeynalov, Fazil Quliyev, Gülmirə Rəcəbova, Elnur Cəfərov, Sadiq Əlizadə, İlham Novruzov və Rumayə Rzayeva Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.