Aparılan islahatlar və bu sahəyə dövlətin nəzarətinin artırılmasına baxmayaraq hələ də yer təkindən istifadə zamanı qanunvericilik ilə müəyyən edilmiş normalara və standartlara uyğun olmadan istismar işləri aparılmaqdadır. Bildiyiniz kimi çaylarda qum-çınqıl yataqları ehtiyatları bərpa olunan sərvətlərə aiddir. Lakin əksər hallarda çay yataqlarından götürülən qum-çınqıl xammalı bərpa prosesini dəfələrlə üstələdiyi üçün istismar dərinliyi nəzərdə tutulan həddini aşır, bu da ciddi ekoloji problemlər yaradır. Nəticədə çayların ətrafında olan strateji infrastruktura - hidrotexniki qurğulara, körpü və bəndlərə real təhlükə yaratmaqla ekzogen geoloji proseslərin, yəni sürüşmə, çökmənin və s. yaranmasına səbəb olur.
YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Dağ-mədən sektorunda islahatlar, inkişaf perspektivləri və yeni maliyyələşdirmə mexanizmləri" mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, qum-çınqıl, o cümlədən əhəngdaş karxanalarının yerləşdiyi ərazilərin təbii landşaftı ciddi olaraq korlanır. Çay vadilərində faydalı qazıntıların sistemsiz şəkildə istismarı nəticəsində əmələ gəlmiş çoxsaylı iri çuxurlar, çökəklər və təpəciklər eybəcər bir mənzərə yaradır. Həmçinin daş karxanalarında köhnə texnoloji avadanlığın istifadəsi, istismar başa çatmış yataqlarda rekultivasiya işlərinin aparılmaması ciddi ekoloji fəsadlar yaradır.