logo

Aqroparkdan icazəsiz 2 kq kartof aparan fəhlə öldürüldü 

21:12 13-12-2021 | icon 1911
Aqroparkdan icazəsiz 2 kq kartof aparan fəhlə öldürüldü 

Azərbaycanda "İnvestel Group” MMC-nin Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində yerləşən aqroparkda baş verən qətlin motivləri bəlli olub.

YeniAvropa istintaq materiallarına əsasən, cinayətə sövq edən amilləri təqdim edir.

Materiallara əsasən hadisə, mübahisə nəticəsində baş verib. 
Belə ki, 2021-ci ilin 11 avqustunda MMC-nin aqroparkında işləyən fəhlələr axşam evə gedərkən mühafizəçinin yoxlamasına məruz qalıblar.
Bu zaman işçilərin birinin zənbilindən 2 kiloqram kartof tapılır və həmin kartofu alıb anbara təhvil verirlər.
Kartofu sahədən icazəsiz çıxarmaq istəyən şəxs isə Novruz Mansurov olub.Onun yanında olan qardaşı evə gəldikdən sonra anasına Novruz Mansurovun əməlindən danışır. Səhəri günü iki qardaş yenidən kartof əkini sahəsinə gedirlər.
Sahədə iş görən zaman növbəni təhvil alan mühafizəçi Nəsimi İsmayılov fəhlələrə yaxınlaşaraq bir gün öncə kimin kartof oğurladığını soruşur, bu zaman Novruzun qardaşı onu kənara çəkərək məsələni danışır və qardaşının səhv etdiyini bildirir, üzrxahlıq edir.
Bundan sonra isə Nəsimi İsmayılov fəhlələrə xəbərdarlıq edir, bildirir ki, mühafizə rəisi mühafizəçiləri danlayıb və axşam bütün fəhlələr yenidən yoxlamadan keçəcəklər.
Onun xəbərdarlığını Novruz Mansurov hədələyici ton kimi başa düşür və bu onun acığına gəlir, mühafizəçiyə cavab qaytarır, aralarında sözlü mübahisə yaranır.
İstintaq zamanı müəyyən edilib ki, həmin vaxt Novruz Mansurov Nəsimi İsmayılovun, qohumlarının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.
Əlbəyaxa olarkən mühafizəçi cibində gəzdirdiyi turist bıçağını çıxararaq Novruzun ürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirir.
Nəsimi cinayəti törətdikdən sonra ərazidən qaçıb, Novruzun qardaşı, digər fəhlələr isə yaralıya kömək ediblər. Onlar Novruzu xəstəxanaya çatdırsa da, sonuncu aldığı xəsarətdən ölüb.
Bir müddət gizlənən Nəsimi daha sonra özü könüllü polisə təslim olub.
Məhkəmənin hökmü ilə Nəsimi İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.