Həbsdə olan sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
YeniAvropa xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək prosesin ilkin baxış iclası dekabrın 22-nə təyin edilib.
Şikayətə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində 2001-ci ildə Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesin sonunda məhkəmə hökmü elan edilib.
R.Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin edilib. R.Əkbərovdan 40 min manat tutularaq mərhum E.Əliyevin ailəsinə ödəniləcək.
Hökmə görə, R.Əkbərovun Milli Qəhrəman fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb.