Dekabrın 10-u Gəncə şəhər sakini Məhəmməd Məmmədov, Nizami rayon Polis İdarəsinə müraciət edərək ruhi əsəb xəstəsi olan atası, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib. Aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğundan verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.