Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, aparılan monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkarlanıb.
Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib.
Həmin sürücülərlə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktik söhbətlər aparıb, onlara “Yol hərəkəti haqqında” Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.