Səbail rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin, narkotiklərlə mübarizə və 8-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, H.Abdullayevin üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Səbail rayon Polis İdarəsində saxlanılan şəxslə bağlı narkotik maddələrin mənbəyinin aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.