logo

10 avtomobildən akkumlyator oğurlayıb metalloma satdılar 

15:30 10-12-2021 | icon 1918
10 avtomobildən akkumlyator oğurlayıb metalloma satdılar 

Xəzər rayonunun Qala qəsəbə sakini olan bir nəfər rayon polis idarəsinin 3-cü polis bölməsinə məlumat verərək, avtomobilinin akkumulyatorunun naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin ərazidə yaşayan daha 9 sakindən polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumlyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.

Məlumatlar daxil olan kimi Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həmin cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə həmin oğurluqları törətdiklərini etiraf edib və akkumlyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya 3-cü polis bölməsinə məlumat verə bilərlər.