logo

MEDİA Agentliyindən “Media haqqında” qanunla bağlı açıqlama

15:11 10-12-2021 | icon 1799
MEDİA Agentliyindən “Media haqqında” qanunla bağlı açıqlama

Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı bir sıra media nümayəndələri tərəfindən ifadə edilən fikirlərə münasibət bildirib.

MEDİA-dan YeniAvropa-ya bildirilib ki, Medianın İnkişafı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunmuşdur.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilmişdir.

Qeyd olunan normaların məzmunundan göründüyü kimi qanun layihələrinin, o cümlədən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin ictimai müzakirəsinin təşkil edilməsi normayaratma orqanının, yəni, Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətindədir, müvafiq layihələr ya razılaşdırılmaya, ya da təsdiq olunmağa göndərildiyi andan açıqlanmalı olduğundan Milli Məclis bu istiqamətdə müddəaların yerinə yetirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq “Media haqqında” qanun layihəsini açıqlamış, onu media nümayəndələrinin, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının və bu məsələdə ictimai marağı olan digər şəxslərin müzakirəsinə təqdim etmişdir.

Məlumat üçün bildiririk ki, hazırda müvafiq qanun layihəsinin mətni ictimaiyyətin geniş müzakirəsindədir və onun ayrı-ayrı normalarının mahiyyəti, məqsədəuyğunluğu ətrafında çoxsaylı media nümayəndələri və ekspertlərini əhatə edən qarşılıqlı fikir mübadiləsi aparılmaqdadır.