Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan 1984-cü il təvəllüdlü Aynurə Cəfərovaya və atası 1958-ci il təvəllüdlü Azim Hüsiyevə dekabrın 9-u saat 14 radələrində bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və onun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.