"BP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Malayziyanın "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı "BP"nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.
"BP" özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16 faiz iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib.
Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə "BP"nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99 faiz təşkil edəcək və "BP" yatağın operatoru olaraq qalacaq.
Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.