logo

Vətənə xəyanətdə təqsirləndirilən "MTN"çi polkovnik həbsxanada öldü

15:49 09-12-2021 | icon 1960
Vətənə xəyanətdə təqsirləndirilən "MTN"çi polkovnik həbsxanada öldü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi olan, xarici kəşfiyyat orqanları tərəfindən pulla ələ alınan və vətənə xəyanətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən polkovnikin Zakir İsmayılovun həbsxanada dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkə və yerli KİV-lərdə məlumat yayıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumatı şərh etməyib.

Zakir Əlibala oğlu İsmayılov MTN-də şöbə rəisi olub, 2015-ci ildə Eldar Mahmudovun kriminal bandasının MTN-dən uzaqlaşdırılması proseslərinin gedişində həmin vəzifədən çıxarılıb və istefaya göndərilib. Onun xarici xüsusi xidmət orqanlarına işlədiyi daha sonra DTX tərəfindən aşkarlanıb, Z.İsmayılov və cinayətdə onunla əlbir olan arvadı Nəzakət İsmayılova həbs ediliblər.

DTX tərəfindən yayılmış məlumatda deyilirdi ki, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədləri, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

Bildirilirib ki, İsmayılovun gizli və şifrəli yazışmaları, səs yazıları, məlumatlar olan daşıyıcılar (flaşkart) da tapılıb.

2020-ci ildə Bakı Hərbi Məhkəməsi Z.İsmayılovu 19, arvadını 10 il müddətə həbs cəzasına məhkum edib. Lakin hərbi prokuror Xanlar Vəliyev bu hökmdən protest verib və Bakı Apellyasiya Məhkəməsi onun cəzasını ağırlaşdırıb-ömürlük həbslə əvəzləyib.