logo

Prokuror məhkəmədə Rasim Quliyevə 6 il həbs cəzası istədi

13:33 09-12-2021 | icon 1946
Prokuror məhkəmədə Rasim Quliyevə 6 il həbs cəzası istədi

 2001-2019-cu illərdə Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 8 il Aparat rəhbəri olmuş Rasim Quliyevin 6 il azadlıqdan məhrum edilməsi istənilib.

 YeniAvropa xəbər verir ki, dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Quliyevin işi üzrə çıxış edən prokuror onun belə cəzalandırılmasını təklif edib.

Prokuror bildirib ki, R.Quliyevə verilən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və tikintiyə qanunsuz icazə vermə ittihamları məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısının sözlərinə görə, paytaxtda tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə sərəncamı imzalamaqla sabiq Aparat rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Dövlət ittihamçısı Quliyevə 6 il həbs cəzası verilməklə yanaşı, onun 3 il də vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib. Dekabrın 16-da Quliyevin vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək və məhkəmənin hökmü elan olunacaq.

Rasim Quliyev 2018-ci ilin mayında – Aparat rəhbəri olduğu dövrdə həm də icra başçısının müavini səlahiyyətini icra edən şəxs statusunda imzaladığı sərəncama görə mühakimə olunur. Söhbət Bakının mərkəzində - Dilarə Əliyeva-141 ünvanında tarixi-memarlıq abidəsi sayılan yaşayış binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi üçün “FF-2011” şirkətinə icazə verilməsindən gedir.

R.Quliyev isə deyir ki, əslində, həmin vaxt faktiki onun rəsmən müavin səlahiyyətləri olmayıb. Çünki Hacıbala Abutalıbov 2017-ci ilin sentyabrında Prezident Administrasiyasının razılığı olmadan onu müavin təyin edib. Bir müddət sonra Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib ki, R.Quliyev müavin səlahiyyətlərini icra edə bilməz.

O həmçinin bildirir ki, "FF-2011" şirkətinə sözügedən söküntü və tikinti işlərinin icrası üçün şəxsən Hacıbala Abutalıbovun özünün bir neçə icazə sərəncamı olub.