Dekabrın 8-i saat 13 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində kənd sakinləri Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərman Alırzayevə isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Tovuz rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Maksim Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1964-cü il təvəllüdlü Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevə isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Maksim Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.