logo

"Zəngəzur dəhlizi" boyunca 6 km uzunluqda tunellər inşa olunur

17:08 08-12-2021 | icon 2695
"Zəngəzur dəhlizi" boyunca 6 km uzunluqda tunellər inşa olunur

Oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumatda bildirilib. Qeyd edilib ki,  yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib. 

Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin icrası da sürətlə davam edir. Belə ki, görülən işlər çərçivəsində ehtiyat keçid tikintisi 30%-i yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaqlı süni qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb. 

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.