Dekabrın 7-də Bakıda Həştərxan İş Mərkəzinin açılışı olub.
YeniAvropa xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyası tərəfindən Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin və Həştərxan Hökumətinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan tərəfindən Həştərxan şəhərində inşa edilmiş Azərbaycan İş Mərkəzi ilə eyni layihə əsasında Bakı şəhərində Həştərxan İş Mərkəzinin inşası üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib.
Mərkəzin təməlqoyma mərasimi 2017-ci il dekabrın 19-da keçirilib.
Bildirilib ki, 100 nəfərə yaxın yerli vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulan, Azərbaycan-Rusiya dostluq əlaqələrinin bariz nümunəsi olan Həştərxan İş Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrini genişləndirmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni sahələrdə körpü yaratmaqdır.
Həştərxan və Bakıda yaradılmış mərkəzlər ölkələrimizin qarşılıqlı münasibətlərinin səviyyəsini yüksəltməyə, iş adamları arasında əlaqələri genişləndirməyə imkan verəcək.